Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev "vətənpərvərlik - dəbdə deyil" kimi fikirləri alt-üst etdi. Çingiz “vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdi
O bizim yaddaşımızda elə belə də qaldı - tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu. Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi... Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı..
Əgər o bilsəydi... Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.
Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 17 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.